Cümə, 15 May 2015 10:23

Allahın əbədi və əzəli olması

Allahın əbədi və əzəli olması

Çünki zəruri varlığın səbəbə heç bir ehtiyacı yoxdur və O, mümkün varlıqların səbəbidir. Buradan “zəruri varlıq” üçün iki sifət isbat olunur:


1. Onun başqa varlıqlara möhtac olmaması; çünki Onun başqa bir varlığa azacıq belə ehtiyacı olsa, həmin varlıq Onun səbəbi (yaradanı) olacaqdır. Səbəb dedikdə, başqa varlığın ona möhtac olması nəzərdə tutulur.
2. Mümkün varlıqlar Onun nəticəsi və Ona möhtacdır. Allah, onların yaranışının ilk səbəbidir.
Bu iki məsələni nəzərə almaqla deyə bilərik: Başqa bir varlığa möhtac olan varlıq ona tabedir və səbəbi aradan qalxsa, vücuda gələ bilməz. Başqa sözlə, bir varlığın müəyyən bir zamanda məhvi onun möhtac və mümkün varlıq olmasının əlamətidir. “Zəruri varlıq” sözsüz ki, mövcuddur, həmişə yaşayacaq və heç bir varlığa da möhtac deyil. Beləliklə, “zəruri varlıq” üçün iki sifət isbat olunur: 1. Əzəlilik – yəni Onun üçün keçmişdə “yoxluq” məfhumu təsəvvür olunmur. 2. Əbədilik – yəni gələcəkdə də əsla yox olmayacaq. Deməli, yoxluğa və məhvə məhkum hər bir varlıq “zəruri varlıq” deyil.1
Qeyd edilənlərdən aydın olur ki, zəruri varlığın özünü məhv etməsi mümkün deyil; çünki Onun varlığı vacib və zəruridir. Əgər bu zərurəti öz üzərindən götürmək istəsə, onun zatında inqilab yaranar və bu da onun zəruri varlıq olması ilə uyğun gəlməz. Başqa sözlə, zəruri varlığın məhvi qeyri-mümkün bir varlıq deməkdir. Buna əsasən, özünü məhv etməyə qadir olan varlığın məhv olması mümkündür və məhv olması mümkün olan varlıq zəruri yox, mümkün varlıq adlanır./Rizvan.net/

Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü

Şərh yaz